USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakı və Moskvanın qərarı ilə Rusiya sülhməramlıları mərhələli şəkildə Qarabağı tərk edirlər. Bunun nə ilə əlaqəli olduğunu və RSK nümayəndələrinin Cənubi Qafqazdakı vəziyyətin normallaşmasına nə kimi töhfə verdiklərini məqaləmizdə oxuyun.
Rusiya sülhməramlıları Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatına əsasən 2020-ci ilin noyabrından regionda yerləşmişdir. Azərbaycan Prezidenti İlham Əliyev RSK hərbi qulluqçularının işinə dəfələrlə yüksək qiymət verib.
Belə ki, 2021-ci ildə Soçidə üç ölkə liderlərinin görüşündə dövlət başçısı Rusiya sülhməramlılarının məsuliyyət zonasında vəziyyətin sabit olaraq qalmasını qeyd edib. “Rusiya sülhməramlılarının yaxşı xidmətlərinə və regionda təhlükəsizliyi təmin etdiklərinə görə təşəkkür etmək istərdim”, – deyə Əliyev bildirib.
Dövlət başçısı RSK-nın fəaliyyətini bir il sonra da Azərbaycan telekanallarına müsahibəsində müsbət dəyərləndirib. Əliyev vurğulayıb ki, RSK hərbçiləri mühüm vəzifələri yerinə yetirirlər.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Azərbaycan və Rusiya prezidentləri döyüşən tərəflərin məhz Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağda hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəldiklərini qeyd ediblər.
İndi münaqişə tam başa çatıb. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən mərhələli şəkildə çıxarılması münaqişənin həllində nöqtəni qoyur. Müvafiq qərarı hər iki ölkənin ali rəhbərliyi qəbul edib.
Rusiya hərbçilərinin mövqelərini Azərbaycan polisi tutur. Artıq Rusiya-Türkiyə atəşkəsə nəzarət mərkəzinin işinə də ehtiyac yoxdur, onun da fəaliyyəti məhdudlaşdırılacaq.
İndi Rusiya sülhməramlı kontingentinin Qarabağ ərazisindəki işinə yekun vurmağın vaxtıdır. Rusiya sülhməramlıları işlərinin ən çətin vaxtlarında 30 müşahidə məntəqəsində vəziyyəti gecə-gündüz izləyiblər.
Onların ən vacib vəzifələrindən biri də əraziləri minalardan təmizləmək idi. RSK hərbçiləri minlərlə hektar ərazini və 700 km-dən çox yolu zərərsizləşdirib, 30 minə yaxın partlayıcı sursat aşkarlayıb məhv ediblər.
Bundan başqa, sülhməramlılar erməni birləşmələrinin tərksilah edilməsində də iştirak ediblər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, erməni birləşmələri 142 avtomobil, 124 ədəd hava hücumundan müdafiə vasitələri, 112 sahə artilleriyası, həmçinin pilotsuz uçuş apparatı təslim ediblər. Qurumun hesabatında 66,1 milyon sursat, 7 mindən çox atıcı, tank əleyhinə və digər silahlardan bəhs olunur.
Eyni zamanda, minatəmizləyənlər komandası əsas heyət çıxarıldıqdan sonra da Qarabağda qalacaq. Bakı ilə razılaşmaya əsasən rusiyalı mütəxəssislər Xocalı rayonunun ərazisinin minalardan təmizlənməsində iştirak edəcəklər.
Bir cavab yazın