USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan işğaldan azad edilmiş ərazilərini fəal şəkildə bərpa edir. Bu işdə ölkəmizə xarici tərəfdaşlar kömək edir. Artıq görülən işlər və gələcək planlar haqqında bu məqalədə oxuyun.
Qarabağ nəhəng tikinti meydanına çevrilib. Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Azərbaycanın Baş naziri Əli Əsədov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə məktəblər və xəstəxanalar tikilir, elektrik təsərrüfatı yenidən qurulur, avtomagistrallar, tunellər və körpülər tikilir, dəmir yolları çəkilir.
Yeni marşrutların ümumi uzunluğu 2,1 min km-dən çoxdur. İlin sonuna kimi yol layihələrinin ən azı 80%-nin tamamlanacağı gözlənilir. Eyni zamanda Qarabağda hava limanları yaradılır. Hazırda rayonda iki beynəlxalq aeroport açılıb, üçüncü hava limanının isə Laçında gələn il istifadəyə verilməsi planlaşdırılır.
Milli Məclisin Sədri Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan hakimiyyəti Qarabağın bərpasına artıq 7 milyard dollardan çox (11,9 milyard manatdan çox) vəsait xərcləyib. Hökumət başçısı Əli Əsədovun aydınlaşdırdığı kimi, 2027-ci ilə qədər bu xərc maddəsi üzrə ümumi investisiya ehtiyacları 32 milyard manat həcmində qiymətləndirilir.
Fevralda Azərbaycan və Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov qeyd edib ki, Qarabağın bərpasında bir çox xarici şirkətlər iştirak edir. Beləliklə, Belarusdan olan mütəxəssislər ölkəmizə müasir kənd təsərrüfatı komplekslərinin, kənd təsərrüfatı şəhərciklərinin yaradılmasına köməklik göstərirlər. Bundan başqa, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, türkmən şirkətləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində iştirak etmək üçün dəvət olunub.
Moskva da işğaldan azad edilmiş torpaqların bərpasında fəal iştirak edir. 2022-ci ildə ondan çox Rusiya şirkəti Bakının bu ərazilərin birgə inkişafı təklifinə cavab verib. Belə ki, “KAMAZ” korporasiyasının iştirakı ilə Cəbrayıl rayonunda minik, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərən servis mərkəzi tikilib. Rusiyanın ən böyük avtomobil istehsalçısı onu Gəncə Avtomobil Zavodu ilə birgə tikib.
Birgə müəssisə Cəbrayıl rayonunda xüsusi iqtisadi zonanın ilk rezidenti və Qarabağda ilk Azərbaycan-Rusiya şirkəti olub. KAMAZ korporasiyası buna 6 milyon dollar sərmayə qoyub. Servis mərkəzində 65 nəfər daimi işçi çalışır.
Azərbaycan nəhayət öz suverenliyini bərpa etdikdən sonra regiona yeni investisiya dalğası töküldü. Ümumilikdə rusiyalı tərəfdaşlar Bakıya Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilməsi üçün 22 layihə təqdim ediblər. Onlar üç sahəni əhatə edir – enerji, dəmir yolu tikintisi və kənd təsərrüfatı. Qarabağ dinc həyata qayıdır. Ümid edirik ki, ümumi güc nəticəsində bu bölgə sakit və firavan olacaq.
Bir cavab yazın