USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu gün Beynəlxalq Xəzər dənizi günüdür Bu tarix 2006-cı ildən beş Xəzəryanı ölkədə qeyd olunur: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan. “Xəzər beşliyi” ölkələri tərəfindən hansı birgə layihələr həyata keçirildiyini məqaləmizdə oxuyun.
Xəzər dənizi planetin ən böyük endoreik su hövzəsidir və onun unikal ekosistemləri hazırda təhlükə altındadır. Onları qorumaq üçün hələ 2003-cü ildə beş Xəzəryanı ölkə Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə (Tehran) Konvensiyasını imzalamışdı. O vaxtdan bəri “beşlik” dövlətləri bu sənədin müddəalarının həyata keçirilməsi üçün birgə səylər göstərir.
Qlobal tədbirlər çərçivəsində Xəzər dənizində ekoloji təhlükəsizlik məsələləri də qaldırılır. Onlar həmçinin Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Konfransında (COP29) da müzakirə olunacaq.
Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan digər sahələrdə də əməkdaşlığı inkişaf etdirir. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 2023-cü ilin dekabrında Moskvada keçirilmiş geniş iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov geosiyasi qeyri-müəyyənlik şəraitində bütün Xəzəryanı ölkələrin ərazi bütövlüyü, suverenliyi prinsiplərinə hörmətlə yanaşmasının və güc tətbiq etməməsinin vacibliyini xüsusilə vurğulayıb. Onun sözlərinə görə, yalnız o zaman Xəzər regionu sülh, dostluq və əməkdaşlıq məkanına çevrilə bilər. Ceyhun Bayramov Azərbaycanın Xəzər dənizi ilə bağlı 16 beynəlxalq hüquqi sənəddən 15-nə tərəf olduğunu da qeyd edib.
Bütün Xəzəryanı ölkələr təhlükəsizlik sahəsində də əməkdaşlıq edirlər. Belə ki, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya qeyri-rəsmi səfərlə gəlib, onların heyətlərinin paytaxtımıza ekskursiyası təşkil olunub. Bundan əlavə, səfər çərçivəsində Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında futbol və voleybol üzrə yoldaşlıq oyunları keçirilib.
İyulda isə Xəzər dənizində ilk dəfə olaraq beş ölkənin birgə axtarış-xilasetmə təlimləri keçirilib. İştirakçılar qəza gəmisini yedəkləmək və ekipajı xilas etmək bacarıqlarını məşq ediblər.
Regionun nəqliyyat və logistika potensialı diqqətdən kənarda qalmır. Aprel ayında Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə işləri intensivləşdirib. Rusiya tərəfi hazırda Xəzərdəki Olya limanını modernləşdirir.
Bundan əlavə, region dövlətləri humanitar sahədə fəal dialoq aparır. Belə ki, Azərbaycanın ən böyük nümayəndə heyətlərindən birini göndərdiyi Həştərxanda hər il Beynəlxalq Xəzər Media Forumu keçirilir. Bu il tədbir avqustun 16-17-də baş tutacaq. Onun iştirakçıları – jurnalistlər, blogerlər, fotoqraflar və dövlət rəsmiləri Xəzər regionu xalqları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində media və KİV-in gördüyü işləri müzakirə edəcəkdir.
Xəzər sammitində və digər birgə tədbirlər zamanı regionun aktual problemləri mütəmadi olaraq müzakirə olunur. Onların bir çoxu ölkəmizdə baş verir: məsələn, may ayında Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib. Belə müzakirələrin öz bəhrəsini verəcəyini və regionumuzun çiçəklənəcəyini ümid edirik.
Bir cavab yazın